Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: HƏRBİ FƏALİYYƏTİN PSİXOLOJİ TƏHLİLİ
  • 0

HƏRBİ FƏALİYYƏTİN PSİXOLOJİ TƏHLİLİ
E.İ.ŞƏFİYEVA
e.mail: shafiyeva @ mail.ru
Məqalədə müəllif həm təlim, həm də döyüş şəraitində hərbiçilərin fəaliyyətini заклюю-terizə etməklə yanaşı onların müqayisəli təhlilini aparır, hərbi fəaliyyətin bütün struktur komponentlərinin təhlilini verir.
Fəaliyyət gerçəkliyi dəyişdirən, maddi və mənəvi sərvətləri yaradan və təsdiq edən məqsədyönlü prosesdir. Onun daxili strukturunun əsas komponentləri məqsəd, motiv və icra üsullarından ibarətdir. Fəaliyyət bir-birinə bağlı olan hərəkətlər sistemidir. Həmin hərəkətlərin kömə-yi ilə aralıq məqsədlər icra olunur. Hər bir hərəkətin məq-sədi, motivi və icra üsulu olur. İcra olunan hər bir hərəkət ümumilikdə son məqsədə xidmət edir.
Fəaliyyətin ümumi xarakteristikası. Hərbi fəaliyyətin məzmunu və strukturu
Fəaliyyət şəxsiyyət və ya kollektiv vasitəsilə həyata keçirilir. Zahirən o, ictimai tələblər, qanun və qaydalar əsasında nizamlanır. Xarici tənzimedicilər fəaliyyətə şəxsiyyətin daxili aləmindən keçərək təsir göstərir. Fəaliyyətin daxildən tənzim olunması psixi proseslərin, maraqların, tələbatların və sair hesabına həyata keçirilir. Fəaliyyət prosesi tələbat və motivlərin əsasında məqsədin əmələ gəlməsindən başlanır, sonra görülən işlərin planı, icra üsulları və s. planlaşdırılır. Daha sonra hərbçi fəaliyyətə başlayır, fəaliyyətin üsul və vasitələrini tətbiq edir, aralıq məqsədlərin işini son məqsədlə müqayisə edir, düzəlişlər aparır (12).
Komandir və zabit heyəti tabeliyində olanların yerinə yetirdikləri iş və hərəkətləri sonradan təhlil edir və qiymətləndirirlər. Əgər məqsədə nail olunmayıbsa, onun səbəbi müəyyən edilir.
Kollektivin fəaliyyətinin məhsuldarlığı və etibarlılığı, onun üzvlərinin bir-birinə olan münasibətlərinin səviyyəsindən, mehribanlığından asılıdır. Kollektivdə konflikt, bir–birinə şübhə ilə yanaşmaq, hər bir şəxsin öz işini və ya yerini düzgün bilməməsi ilə əlaqədar olub, fəaliyyətin məhsuldarılığını aşağı salır. Kollektivin məqsədyönlü şəkildə fəaliyyət göstərməsi, onun hər bir üzvündə «biz» hissini yaradır və fəaliyyətin səmərəsini artırır.
Rəhbərlik, tərbiyəvi iş, həll olunan işin maddi–texniki cəhətdən təmin edilməsi şəxsiyyət və kollektivin fəaliyyətinin səmərə və etibarlılığına təsir edir.
İnsanın əsas fəaliyyət növü oyun, təlim və əməkdir. Digər fəaliyyət növləri
101
ictimai–siyasi, pedaqoji, hərbi, idman və b. ictimai xarakter daşıyan əməyin hesabına yaranmışdır. İstənilən fəaliyyət növü şəxsiyyəti və kollektivi formalaşdırır (13).
Hərbi fəaliyyət sözün geniş mənasında insanların ictimai fəaliyyət forması olmaqla, sosial–siyasi xarakter daşıyır. Hərbi fəaliyyətin köməyilə xalqın və dövlətin silahlı müdafiəsi həyata keçirilir. Azərbaycan əsgərlərinin hərbi fəaliyyəti Azərbaycan Respublikası ərazisində yaşayan bütün insanların, eləcə də onun torpaq, su və hava məkanının qorumasına xidmət edir (1).
Əsl mənada hərbi fəaliyyət – hərbi qulluqçuların hərbi texnikanı və silahı öyrənməsi, döyüş növbəsini çəkməsi, düşmənlərə qarşı hərbi fəaliyyət aparmaqla bağlı döyüş tapşırıqlarını yerinə yetirməsindən ibarət olan prosesdir.
Hərbi fəaliyyət öz strukturuna görə spesifikdir. Onun özünəməxsus məqsədi, motivi, üsul və vasitələri, daxili və xarici siyasəti, şəraiti vardır. Hərbi fəaliyyətin sülh vaxtı əsas məqsədi düşmən qüvvələrinin hücumuna qarşı hazırlıq və onların hərbi potensialının analizini aparmaqdır. Müharibə zamanı isə təcavüskarın məhv edilməsindən ibarətdir. Hərbi fəaliyyətin vasitəsi silah və döyüş texnikasıdır.
Sülh vaxtı hərbi fəaliyyətin nəticəsi qoşunların döyüş hazırlığı və döyüş qabiliyyətindən, müharibə zamanı isə düşmənin məhv edilməsi və qələbə çalmaqdan ibarətdir.
Hərbi fəaliyyət zamanı əsgərlərin motivləri içərisində vətənə, torpağa, xalqa, dövlətə sədaqət, dərin məhəbbət hissi, düşmənə nifrət, hərbi şərəf və namus mühüm yer tutur.
Hərbi qulluqçunun fəaliyyəti müxtəlif iqlim şəraitində həyata keçirilir: quruda, suda, havada, su altında. Öz vəzifəsini döyüşçü müxtəlif şəraitdə, günün müxtəlif saatlarında, gecə və gündüz icra etməli olur.
Özünün mürəkkəbliyi, çevikliyi və yüksək dağıdıcı qüvvəyə malik olması ilə fərqlənən müasir hərbi texnika, əsgərin psixika və davranışına böyük təsir göstərir. Hərbi fəaliyyətin konkret prosesləri özündə bunları birləşdirir: hərbi qulluqçunun özünün borc və vəzifəsini dərindən başa düşməsi; qarşıda duran hərəkətlə bağlı plan hazırlamaq və motiv formalaşdırmaq; fəaliyyətin üsul və vasitələrindən (texnika və silah) istifadə etmək; qarşıda duran məsələ ilə bağlı hərəkətləri uzlaşdırmaq; əldə olunan nəticələri nəzərdə tutulanlarla müqayisə etmək.
Hərbi fəaliyyət, onun fərdi və qrup şəklində olmasından asılı olaraq dəyişir. Bütün hallarda hərbi fəaliyyətdə şəxsiyyət və kollektiv, onların təfəkkürü, hiss və əhvalı, iradəsi, təcrübəsi, yönümü, qabiliyyəti hərtərəfli şəkildə təzahür edir.
Hərbi fəaliyyətin özünəməxsus ciddi reqlamenti var. Bunlar əsgərin təlim fəaliyyətindən, məişət fəaliyyətindən, gündəlik xidmət fəaliyyətindən və döyüş fəaliyyətindən ibarətdir. Həmçinin bura başqa döyüş növbəsi və uzaq hərbi – dəniz yürüşləri də dixildir. Bunların içərisində ən mühüm hərbi fəaliyyət istiqaməti – döyüş təlimi və döyüş fəaliyyətidir.
Hərbi fəaliyyətin məzmun və təşkilinin tarixi inkişafı silah və döyüş texni-kasının təkmilləşməsi ilə şərtlənir (2). Əgər əvvəlki dövrlərdə döyüşçülərin hərbi fəa-liyyəti adətən fiziki gücə əsaslanırdısa, müasir dövrdə intellektuallıq, idrak proseslərinin və əqli qabiliyyətin dərinliyi, çevikliyi mühüm şərtdir. Müasir dövrdə elmi–texniki tərəqqi nəticəsində hərbi qulluqçular kompüterin köməyilə real obyektlərin modeli ilə tanış olurlar. Ona görə də onların fəaliyyəti daha çox əməliyyatçı vəzifəsini xatırladır. Qavrayışın itiliyi, informasiyanın təhlil edilməsi, əqli və təcrübi tapşırıqların vaxtında və dəqiq icra olunması, bütün bunlar müasir əsgərin hərbi fəaliyyəti qarşısında duran tələblərdir (11).
102
Hərbi fəaliyyət döyüş şəratində daha mürəkkəb, çətin və gərgin formada cərəyan etdiyi üçün, döyüşçüyə güclü motivlər, yaxşı inkişaf etmiş idrak prosesləri, emosional–iradi dözümlülük, ustalıq lazımdır. Əsgərlərin fəaliyyətinə rəhbərlik edənlər, öz işlərini optimallaşdırmaq və onun səmərəliliyini artırmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər (əmr, xahiş, tərif, izahat, töhmət və s.).
Elmi–texniki tərəqqi sayəsində hərbi fəaliyyətin avtomatlaşdırılması və intel-lektuallaşdırılması onun elmi təşkilini zəruri edir. Müasir hərbi fəaliyyətin səmərəli düzgün icrası hər şeydən əvvəl döyüşçünün öz vəzifə borcunu yerinə yetirməsi üçün yaradılan şəraitdən asılıdır. (Kollektivdə müsbət mənəvi–psixoloji mühitin yaradıl-ması, əsgərlərin ixtisaslar üzrə düzgün bölüşdürülməsi, silah və döyüş texnikasının əs-gərlərdə qavrayış, hafizə, diqqət və s. imkanları nəzərə alınmaqla konstruksiya edil-məsi). Hərbi fəaliyyət əsgəri mükəmməl yetişdirir, onu dözümlü və cəsarətli edir (7).
Təlim-döyüş fəaliyyəti dedikdə, şəxsi heyətin mü-haribə şəraitində döyüşə hazırlığını təmin edən hər-bi fəaliyyət növü başa düşülür. Sülh şəraitində bu fəaliyyət növü aparıcı rol oynayırsa, müharibə vaxtı döyüş fəaliyyəti ön plana keçir.
Təlim-döyüş fəaliyyətinin xüsusiyyətləri
Müasir təlim- döyüş fəaliyyəti aşağıdakılarla xarakterizə olunur:
- özünəməxsus məqsəd və nəticələrlə ordu və donanmanın döyüş hazırlığını yüksəltmək, silah və döyüş texnikasına yiyələnməklə;
- hərbi fəaliyyəti nizamnamə, əmr və təlimatlar əsasında planlı və dəqiq təşkil etməklə;
- döyüş şəraitində hərbçiləri döyüş fəaliyyətinə ruhlandırmaqla;
- komandir və şəxsi heyətin bütün bilik, bacarıq və vərdişlərindən istifadə etməklə.
Döyüşçülərin təlim-döyüş fəaliyyəti vətənin müdafiəsi üçün vacibdir.
Təlim–döyüş fəaliyyəti prosesində şəxsiyyət və kollektivin qarşılıqlı təsiri və inkişafı baş verir. Lakin burada əsas məqsəd və vəzifə qısa müddət ərzində sülh şəraitindən müharibə vəziyyətinə keçmək üçün lazım olan keyfiyyətlərin uyğunlaşdırılmasını təmin etməkdən və istənilən şəraitdə, az müddət ərzində düşmən qüvvəsini məhv etməkdən ibarətdir.
Sülh şəratindən müharibə şəraitinə keçidin ən əsas şərti şəxsiyyətin və kollektivin müharibəyə hərtərəfli hazır olmasıdır. Belə hazırlıq olduqda onlar döyüş şəraitinə tez bir zamanda uyğunlaşır və döyüş təcrübəsi əldə edirlər.
Müharibənin tələblərinə uyğun olaraq, döyüş-təlim fəaliyyəti prosesində kollektivdə şəxsiyyətin formalaşması nədən asılıdır? Bu hər şeydən əvvəl onun təlimə, yerinə yetirdiyi tapşırıqlara motivasiyasından və şüurlu münasibətindən asılıdır. Hərbi kollektivin canlı qüvvəsini zabit və əsgərlər təşkil edir.
Əsgərlərin döyüş fəaliyyətinin səmərəsini artırmaq üçün süni yaradılan döyüş şəraitində hərbi xidmətçinin qarşılaşacağı çətinlikləri tədricən çoxaltmaq məqsədəuy-ğundur. Müşahidələr göstərir ki, çətinliklərin birdən-birə artırılması işlərin dəqiq yerinə yetirilməsinə mənfi təsir göstərir (4).
Süni yaradılan döyüş şəraitinin sabit olaraq qalması da döyüşçülərin fəaliy-yətinə heç də yaxşı təsir göstərmir. Əsgərin uzun müddət belə standart şəraitdə tapşırıqları yerinə yetirməsi, onda dəyişməyən şərait üçün səciyyəvi olan şablon vərdişlərin yaranmasına səbəb olur. Təbii ki, belə şablon şəraitdə hərəkət etməyə öyrənmiş əsgər, bir qədər fərqli, mürəkkəb və yaxud qəflətən dəyişən döyüş vəziyyətində aciz qalacaq və özünü itirərək məğlub olacaqdır.
Bundan başqa, döyüş şəraitinin həddən artıq gərginləşdirilməsi, çətinliklərin
103
həddən ziyadə artırılması da məsləhət deyil. Çünki belə şərait özü bəzən əsgərlərin çevikliyini azaldır, tapşırıqların dəqiq yerinə yetirilməsinə pis təsir göstərir.
Ordunu idarə edən zabitin fəaliyyəti bilavasitə hərbi koollektivlə bağlı oldu-ğundan “zabit-kollektiv”, “zabit-tabeçilikdə olan” və s. kimi qarşılıqlı münasibətlər, onların ünsiyyəti, hərbi kollektivə rəhbərlik kimi sosial-psixoloji problemlər xüsusi aktuallıq kəsb edir. Bu baxımdan zabit fəaliyyətinin əsas funksiyaları mövcuddur:
-təşkilatçılıq;
-mənəvi-siyasi;
-hərbi-psixoloji, hərbi-pedaqoji;
-hərbi-təsərrüfat;
-gündəlik xidmətə rəhbərlik və idarəetmə (9, 10-16).
1) Komandir kimi fəaliyyət göstərən zabit rəhbər kimi tabeçiliyində olanların, döyüş sursatı və silah verilən bölmələrin fəaliyyətinin təşkilatçısıdır. O, zabitlərin, gizirlərin, çavuşların işlərini planlaşdırır, idarə edir, istiqamətləndirir. Həmçinin o, qərar qəbul edir, icra olunan işi yoxlayır və ona kömək edir. Bütün bunlar Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsində qeyd olunur.
Təşkilatçılıq funksiyası zabitin fəaliyyətində geniş yer tutduğuna görə onun həyata keçirilməsi qarşıya qoyulan məsələnin həllinin müvəffəqiyyətli olmasını müəyyən edir. Ona görə də, böyük kollektivin möhkəm və mehriban işi təşkilatçılıq fəaliyyətindən çox asılıdır. Müstəqil qərar qəbul etmək, yerində əmr və sərəncamlar vermək, ünsiyyətlilik, cəsarət və s. kimi müsbət keyfiyyətlər təşkilatçılığın əsas xüsusiyyətləridir. Bundan əlavə, zabitdən dərin və hərtərəfli siyasi, texniki, fəlsəfi, psixoloji, pedaqoji biliklər tələb olunur. Yalnız bu biliklərə yiyələnməklə zabit öz əməyinin məqsədini, düşdüyü şəraiti və tabeçiliyində olan əsgəri dərk edib onları düzgün idarə edə bilər. Rəhbərlik edən zabitin fəaliyyətində intellektual, emosional və motivasiya prosesləri və keyfiyyətləri bir-birilə üzvü surətdə bağlı olur.
Zabit yalnız əmr və sərəncam vermir, həm də onların icrasına nəzarət edir. Zabitin təşkilatçılıq fəaliyyətinin cüzi zəifləməsi bölmənin, hissənin döyüş hazırlığının və döyüş bacarığının zəifləməsinə gətirib çıxara bilər.
Vətənin müdafiəsi zabitin qarşısında duran ən mühüm vəzifədir. Ona görə də, bölmələrin, hissələrin döyüş hazırlığının daha səmərəli yollarının axtarılması bacarığı onların öz təşkilatçılıq funksiyalarını yerinə yetirmələrindən asılıdır. Zabitin bu və digər vəzifə borclarını N.A.Əliyev «Zabit əqidəsi» yaddaş kitabçasında aydın şəkildə açıqlamışdır (3).
Zabit öz şəxsi heyətini qarşıya qoyulan tapşırıqların həllinə hazırlayır. O, bu tapşırığın yalnız kəmiyyət yox, keyfiyyət baxımından da həllinə fikir verməlidir.
2) Zabitin mənəvi-siyasi funksiyasının icrası ondan dərin siyasi hazırlıq tələb edir. O, daim şəxsi heyətə yüksək tələbkarlıq və prinsipiallıqla yanaşaraq əqidə, məslək, vətənpərvərlik, cəsarətlilik tərbiyə edir, siyasi hazırlıqlar keçirir. Kütləvi, idman və digər tədbirlər keçirməklə şəxsi heyəti daha da ruhlandırır və onlarda hərbi xidmətə olan həvəsi artırır.
3) Zabit həm sülh, həm də müharibə dövründə pedaqoji-psixoloji funksiyasını yerinə yetirməlidir. O, şəxsi heyətin hərbi, siyasi və psixoloji hazırlığına, təlim və tərbiyəsinə cavabdehdir. Zabit təlimdə şəxsi heyətin bilik və bacarıqlarını forma-laşdırır. Tərbiyə edərkən isə hərbi rəhbər məqsədyönlü tabe olanların şəxsiyyətinə təsir göstərərək, onlarda milli xarakter əlamətlərini, tarixən formalaşmış döyüş ənənələrini nəzərə almaqla lazımi vərdişlər formalaşdırır və hərbi kollektivə müəyyən metodlar vasitəsilə optimal döyüş taktikası, emosional-iradi keyfiyyətlər aşılayır. 104
Siyasi və psixoloji hazırlıqları həyata keçirən zaman zabit ona tabe olanların döyüş hazırlığını artırır.
Şəxsi heyətlə keçirilən təlim-tərbiyə işlərinin həcmi bəzən onun səmərəliliyi ilə uyğunlaşmır. Praktikada elə faktlar ortaya çıxır ki, zabitlər çoxlu tədbirlər keçirir, lakin bu müsbət nəticə vermir. Elmi tədqiqatlar göstərir ki, zabitin hərbi-pedaqoji fəaliyyətinin qiymətləndirilməsi şəxsi heyətin nizam-intizamından, tərbiyəsindən asılıdır. Təlim-tərbiyə işlərinin nəticələri və zabitin pedaqoji ustalıq səviyyəsi bu amil ilə əlaqələndirilir.
Zabit hərbi-pedaqoji funksiyasını yerinə yetirərkən müəyyən incəlikləri və çətinlikləri nəzərə almalıdır.
Biz bilirik ki, tərbiyəçi o zaman öz məqsədinə çatır ki, kollektivdə müsbət dəyişikliklər baş verir, hərbçilərdə özünütərbiyə cəhdi çoxalır. Bunlarsız əldə edilən nəticələr möhkəm ola bilməz. Məsələn, bir neçə il ən güclü olan manqada zabitin gedişindən sonra şəxsi heyət geri qalmağa başladı. Deməli, hər şey zabitin ciddiliyindən, tələbkarlığından, təcrübəsindən, işə can yandırmasından, təşkilatçılıq məharətindən asılı idi.
Hərbi kollektivin formalaşması üçün insanların psixi inkişafının заклюю-yətlərini, təlim şəraitini təhlil etmək, gələcəkdə müsbət amillərin yaranmasını bilmək vacibdir. Eyni şəraitdə yaşayan hərbi kollektivlər ayrı-ayrı tempdə inkişaf edə bilərlər.
Hərbçi şəxsiyyətinin və hərbi kollektivin döyüş fəaliyyətinin səmərəliliyini təmin edən mənəvi-siyasi və psixoloji keyfiyyətlər olan ideyalılıq, şüurlu və məqsədyönlü fəaliyyət, intizamlılıq, borc hissi, davranışı şüurlu idarə etmək, idrak proseslərinin yüksək səviyyəsi, döyüş tapşırığını yerinə yetirərkən aktivliyi düzgün paylayaraq səhvsiz hərəkət etmək və s.
Döyüşə psixoloji hazırlıq istənilən hərbçinin təlim və tərbiyəsinin davamı, dərinləşməsi kimi başa düşülməlidir. Hərbçilərin psixoloji hazırlığı konkret olaraq döyüş şəraitinin onların psixikasına və döyüş fəaliyyətinin xüsusiyyətlərinə təsirini nəzərdə tutur. Döyüş tapşırığının müvəffəqiyyətli həlli əqli, emosional, iradi, mənəvi keyfiyyətlərdən, döyüş ustalığından, o cümlədən psixikanın möhkəmliyindən asılıdır.
Zabitin psixoloji dözümü, sabitliyi onun çətin şəraitdə şəxsiyyətinin müxtəlif tərəflərinin məqsədəmüvafiq şəkildə təzahüründə və psixi proseslərinin normal fəaliyyətində özünü aydın surətdə biruzə verir.
4) Zabitlər professional-hərbçi rolunu yerinə yetirirlər. Yüksək ixtisaslı mütə-xəssislər hərbi nəzəriyyədən əlavə, silah və hərbi texnika ilə mükəmməl davranma qaydalarını bilirlər. Ona görə də zabitin ən güclü cəhəti – öz işini mükəmməl bilməsidir. Belə ki, silah və texnika gündən-günə təkmilləşir zabitlərin bu bilikləri əldə etməsi, onların düzgün tətbiqi, texniki qaydalara riayət etməsi vacibdir. Taktiki və çöl məşqlərində zabitlər döyüş texnikasını və çətin şəraitdə düzgün qərar qəbul etmə və ona uyğun çevik hərəkət etmə və s. öyrənirlər. Zabitin hərbi ixtisasına uyğun bilik, bacarıq və vərdişləri onun döyüş ustalığının əsasını təşkil edir. Bu zahirən zabitin dəqiq, səhvsiz hərəkətlərində, hərbi silah və texnikanın istifadəsinə yaradıcı münasibətinə aydın görünür. Lakin zabitin döyüş ustalığı peşəkar bilik, bacarıq və vərdişləri ilə yanaşı onun mənəvi-psixoloji keyfiyyətlərinə də istinad etməlidir. Ona görə də zabitin döyüş ustalığının məzmununa həm xarici, praktik, həm də daxili, psixoloji fəaliyyəti aiddir. Zabit hazırlığı dövrü onların döyüş ustalığını artırmaq üçün real döyüşü xatırladan şəraitin yaradılması çox vacibdir. Təlim şəraitini tədricən mürəkkəbləşdirməklə, müəyyən risk elementləri olan tapşırıqlar verməklə tez qərar qəbul etmək, cəld düşünmək kimi psixoloji keyfiyyətlər və bacarıqlar inkişaf etdirilir.
105
Məsələn, atəşaçma dərslərində təkcə partlayışların imitasiyası deyil, həmçinin maqnitafon lentinə yazılmış döyüş səsləri, uçan təyyarənin uğultusu, uçan güllələrin vıyıltısı, tank səsləri və s. verilməlidir. Bunların fonunda verilən tapşırıqların icrası atəşaçma vərdişlərini möhkəmləndirir və əsgərləri döyüşə yaxşı hazırlayır. Belə şəraitdə döyüş texnikasından istifadə edən hərbçi şüur və fəaliyyətini əsas məqsədinə, ona nail olma yollarına, öz vəziyyətinə və silahına yönəldəcək. Bunlar psixoloji hazırlığın xüsusi tədbirləri olsa da mənəvi, siyasi, döyüş hazırlığı ilə sıx əlaqədardır və cəsarət, igidlik, daxili hazırlıq kimi keyfiyyətlərin aşılanmasında həlledici əhəmiyyət kəsb edir. Hərbçiyə lazım olan ustalığın formalaşdırılması prosesi müntəzəm və sistematik şəkildə aparılmalıdır. Belə təlimlərdə hərbçi elə şəraitə salınmalıdır ki, onun diqqətinin paylanması baş versin, qorxudan, yorğunluqdan, gərginlikdən asılı olmayaraq o, hərəkətlərini şəraitə uyğun tənzimləməyi bacarsın. Mürəkkəb taktiki tapşırıqlar yerinə yetirərkən onların diqqətini cəmləmək üçün qarşıda duran məqsədlərin dərkinə və onlara nail olma yollarına xüsusi fikir vermək lazımdır. Həmçinin istənilən rəqibin silah və texnikasını, onun güclü və zəif tərəflərini, zərbə endirən və manevr edən manqa və bölmələrini bilmək – zabitin ən vacib vəzifələrindən biridir (8, 160-164).
Zabitin formalaşması prosesində təkcə ayrı-ayrı şəxsiyyətlər səviyyəsində deyil, həm də hərbi kollektivdə ümumilikdə döyüş ustalığını təkmilləşdirmək vacibdir. Bunun üçün aşağıdakıları etmək lazımdır:
- şəxsi heyəti vəzifə və ixtisasına uyğun şəkildə, onların bir-birinə psixoloji uyuşmasını nəzərə almaqla, yerləşdirmək;
- manqalar, tağımlar və s. arasında qarşılıqlı münasibətləri yaxşılaşdırmağa yönəlmiş tədbirlər aparmaq;
- döyüş tapşırığını yerinə yetirərkən tabeçiliyində olanların idarə edilməsi və döyüşün təşkilini həyata keçirmək vərdişlərini təkmilləşdirməyə çalışmaq;
- taktiki təlimlərdə şəxsi heyətin birgə və əlaqələndirilmiş hərəkətlərini tələb edən şərait yaratmaq;
- kollektivin əlbirliyini həmişə və hər yerdə möhkəmləndirmək.
Fərdi və kollektiv şəkildə döyüş ustalığının formalaşdırılmasının da əsas şərtləri vardır:
- hərbçilərdə yüksək mənəvi keyfiyyətlər, əlbirlik, kollektiv dözüm, ideyalara sadiqlik tərbiyə etmək;
- hərbçilərdə dostluq, yoldaşlıq keyfiyyətləri inkişaf etdirmək və ümumi fəaliyyət nəticəsində yüksək nəticələr əldə etməyə yönəltmək;
- həbçilərin fərdi və kollektiv fəaliyyətinin səmərəliliyini təmin etmək etmək məqsədilə onların bilik, bacarəq və vərdişlərini daim artırmaq;
- döyüş texnikası və silahının istifadəsinə yaradıcı münasibət bəsləyərək döyüş aktivliyi, cəsarət nümayiş etdirmək;
- hərbi peşəsindən asılı olaraq vacib psixoloji keyfiyyətlərin inkişafını və təkmilləşməsini təmin etmək;
- hərbçilərin təlim və tərbiyəsində temperament və xarakter xüsusiyyətlərini nəzərə almaq;
- çətin fəaliyyət şəraitində öz bilik, bacarıq və vərdişlərini nümayiş etdirmək üçün vacib olan emosional-iradi sahəni möhkəmləndirmək;
- döyüş şəraitinə maksimal yaxınlaşdırılmış şəraitdə birgə və yaradıcı şəkildə döyüşə hazırlıq tapşırıqlarını yerinə yetirmək;
- müəyyən hərbi hissənin fəaliyyətini təmin etmək məqsədilə zabitlərdə 106
komandir keyfiyyətlərini inkişaf etdirmək.
5) İnzibati təsərrüfat funksiyasını yerinə yetirərkən zabitlər əsgərlərin düzgün yerləşdirilməsini təşkil edirlər, daxili qayda-qanuna ciddi riayət edirlər, tabe olanların silah və texnikanı təmir edib, saz vəziyyətdə saxlamalarına diqqət yetirirlər. Bundan əlavə, şəxsi heyətin ərazinin təmizliyinə riayət etmiəsinə, həmçinin onların təyin olunmuş ərzaqla təminatına nəzarət edirlər.
Təlim-döyüş məsələlərinin həlli bu vəzifələrin düzgün yerinə yetirilməsindən asılıdır.
6) Zabitlər növbətçiliyi, daxili və qaravul xidmətlərini təşkil edirlər. Hər hansı bir manqadan çıxmış naryadın hazırlığı, yerbəyerin keçirilməsi, təlimatlandırılması və xidmət yerinə göndərilməsi onun manqa zabitindən asılıdır.
Növbətçiliyi əla təşkil etmək üçün silah və texnikanı mükəmməl bilmək, eləcə də kollektivizm, qarşılıqlı münasibət yaxşı səviyyədə olmalıdır. Hərbçilərin döyüşə hazırlığı, vətənpərvərlik, mərdlik, əzmkarlıq hissələrinin inkişafı növbətçiliyin təşkilindən asılıdır (6).
Beləliklə, zabit tərəfindən keçirilən bu tədbirlərin hamısı şəxsi heyətin təlim-döyüş şəraitində müsbət nəticələr əldə etməsinə yönəlib.
Şəxsi heyətin gücünü qorumaq, onlarda gümrah əhval-ruhiyyə yaratmaq, fəal olmalarına çalışmaq, yorulmalarının qarşısını almaq vacibdir, çünki əks halda onlar qəflətən başlanan hərbi əməliyyatlara hazır ola bilməzlər.
Döyüş fəaliyyəti dedikdə müharibə şəraitində həyata keçirilən hərbi fəaliyyət növü başa düşülür. Döyüş fəaliyyəti prosesində hər bir xalqın psixologi-yası, onun sərvət meyli, insanlara münasibəti, eləcə də digər etnopsixoloji keyfiyyətləri təzahür edir. Məsələn, Qarabağ uğrunda gedən mü-haribədə erməni əsgərlərinin döyüş fəaliyyəti, bizim döyüşçülərimizin fəaliyyətindən əsaslı şəkildə fərqənmişdir. Belə ki, onlar azərbaycanlıları öldürərkən, əsasən fiziki işgəncələr verməyi üstün tutublar, hətta meyidlər üzərində nekrofil hərəkətlər etməkdən belə çəkinməmişlər. Azərbaycan əsgərləri isə düşmən qüvvəsini əsasən güllə ilə məhv etmişlər. Bu fakt istər–istəməz millətin psixologiyasını üzə çıxarır.
Döyüş fəaliyyətinin xüsusiyyətləri
Atanın öz oğluna nəsihətlərindən ibarət «Qabusnamə» əsərində (bəzi mənbələrə görə, bu əsəri Ziyarilər xanədanının son hökmdarı Ünsürülməali Keykavus ibn İsgəndər ibn Qabus ibn Vəşmgir ibn Ziya tərəfindən 475-ci hicri qəməri (1082-1083 miladi) ildə oğlu Gilanşaha bir «vəsiyyətnamə» kimi yadigar olaraq yazılmışdır) döyüş haqda olan fəsildə deyilir: «Ey oğul döyüş meydanında olsan, orada yavaş tərpənib süstlük göstərmək olmaz. Düşmən sənə üstün gəlib axşam xörəyi yeməmiş-dən əvvəl, sən ona qələbə çalıb səhər çayını iç. Döyüşün ortasına düşmüş olsan, özünü itirib canından qorxma, gorda yatmalı olan Adam heç bir vəchlə evdə yata bilməyəcəkdir. Başqa sözlə,
Açıq ya da gizli şir olsa düşmən,
Şirə sən şəmşirlə cavab ver həmən
Gorda tək yatmağa məhkum olsan sən
Evdə nigarınla yata bilməzsən!
Döyüşdə bir addım irəli getmək mümkünsə, bir qədəm geri qoyma. Düşmən tərəfindən mühasirəyə alınsan, vuruşu dayandırma, çünki yalnız vuruşla düşməni ram etmək olar. Onlar sənin igidliyini gördükdə qorxuya düşərlər. Belə yerdə ölümü özün üçün xöşbəxtlik hesab et. Heç vaxt qorxma, ürəkli ol. Qonaqların əlində qısa qılınclar uzun görünər. Vuruşda ehmallıq yaramaz, balaca qorxaqlıq və ya süstlük oldumu, min 107
canın olsun, birini də salamat apara bilməzsən. Ən alçaq adam sənə üstün gələr. Beləliklə, öldürülsən rüsvayçılıq olar, bədnamlıqda şöhrət taparsan. Qəhrəmanlıqda məşhur olsan, səndən bir səliqəsizlik baş versə də ziyan çəkməzsən, tay-tuşların içində başıaşağı olmazsan» (5, 106-107).
Döyüş fəaliyyətinin obyekti – düşmən, onun canlı qüvvəsi, hərbi texnikası və istehkamlarıdır. Düşməni məhv etmək, ona qalib gəlmək üçün müxtəlif maddi və mənəvi vasitələrdən, ilk növbədə silah və texnikadan istifadə etmək lazımdır.
Döyüş fəaliyyəti, hər iki tərəfin planlaşdırdığı silahlı mübarizə şəraitində həyata keçirilir. Ona görə də döyüş fəaliyyətini düşmənə qarşı bütün silah və hərbi texnikadan istifadə etmək yolu ilə məqsədin əldə olunması prosesi kimi də müəyyən etmək olar. Döyüş fəaliyyəti fərdi və qrup (kollektiv) formasında, eləcə də şəxsi heyətə rəhbərlik yolu ilə həyata keçirilə bilər.
Döyüş fəaliyyətində əsas yeri məqsəd tutur. İnsan fəaliyyətində məqsədin xüsusi əhəmiyyəti var. Məqsəd yaxın və uzaq ola bilər. Əsgərin döyüş fəaliyyətində yaxın məqsədi onun taqım, dəstə tərkibində öz vəzifəsini dəqiqliklə yerinə yetirməkdən, düşmən qüvvəsini döyüş cəbhəsində məhv etməkdən, uzaq məqsədi isə düşmən qüvvəsi üzərində tam qələbə çalmaqdan ibarətdir. Yaxın və uzaq məqsəddən başqa, əsgəri döyüş şəraitində fəallıq göstərməyə təhrik edən motivlər var. Bunlardan: ideya, inam, tələbat, hiss, arzu, cəhd, maraq və s. qeyd etmək olar.
Döyüş fəaliyyətində ictimai motivlər daha güclü motivasiya rolunda çıxış edir. İctimai motivlər dedikdə, vətənin müdafiəsi üçün məsuliyyət, hərbi borc hissi, düşmənə nifrət, vətənə, torpağa məhəbbət və sair başa düşülməlidir.
Döyüş fəaliyyətinin bir sıra spesifik xüsusiyyətləri var. Bunlardan biri düş- mən qüvvələrinə qarşı zərbə endirmək və onları qabaqlamaqdır. Döyüş şəra- tindən asılı olaraq, özlərinin səmərəli fəaliyyəti sayəsində döyüşçülər vəziyyəti öz xeyirlərinə dəyişdirməklə düşmən qüvvələrini məhv edə bilərlər (10).
Döyüşçünün fəaliyyətinin səmərəliliyi onun psixikasının döyüş şəraitinin və tapşırığın yerinə yetirilməsinin tələblərinə uyğun şəkildə cərəyan etməsinə əsaslanır. Əsgərin döyüş fəaliyyətinin səmərəsini şərtləndirən konkret psixoloji amillər bunlardır: müsbət ictimai davranış motivləri, yüksək idrak imkanları, emosional – iradi dözümlülük, döyüş ustalığı, stenik hisslər. Kollektivin döyüş fəaliyyətinin məhsuldarlığı tapşırığın yerinə yetirilməsi uğrunda ümumi səy, iradə birliyi, ictimai rəy, əhval-ruhiyyə, təcrübə və sairdən asılıdır. Yeni hərbi texnika və müasir silahların istifadə olunması, müasir şəraitdə, əvvəlki dövrlərdən fərqli olaraq daha tez bir zamanda uğur qazanmaq üçün əsgərlərin birgə fəaliyyətini zəruri edir.
Hərbi hissənin döyüş zamanı qazanacağı qələbə həll olunan məsələnin, döyüş tapşırığının bütün şəxsi heyət tərəfindən eyni şəkildə qavranılmasından, onların bir-bi-rinə inam və etibarından və sairdən asılıdır. Döyüş zamanı müxtəlif fəaliyyət səviy-yələrinə rast gəlinir. Xüsusilə, fövqəladə şərait zamanı kifayət qədər emosional – iradi qüvvəyə və döyüş fəaliyyətinə hazır olmayanların davranışına neqativ emosiyalar nə-zarət edir, bu da onların döyüş tapşırığını yerinə yetirməkdə səhvlər buraxması ilə nəticələnir.
Müharibənin başlanğıcında komandirlər əsgərlərin insanların vəziyyətini, onların fəaliyyətindəki çətinlikləri nəzərə almalıdırlar. Hərbi əməliyyatlar başlayan zaman əsgərlərə müsbət keyfiyyətləri aşılamaq, onlarda vətənpərvərlik, milli qürur, düşmənə nifrət hissini oyatmaq lazımdır. Müharibə vaxtı şəxsi heyətə çatdırılan məlu-mat operativ və sistemli şəkildə olmalıdır. Verilən məlumatlarda aparılan müharibənin ədalətli məqsədlərə xidmət etdiyi inandırıcı faktlar əsasında izah edilməli, qələbəyə 108
inam hissi oyatmalı və qələbə çalmağa təhrik etməlidir.
İstər hücum, istərsə də müdafiə məqsədilə bağlı olaraq şəxsi heyət hərbi, texniki, tibbi, psixoloji məlumatlarla tanış olunmalıdır. Bundan başqa qoşunların cəbhədəki vəziyyəti, düşmən qüvvələrinin yerdəyişməsi, onların uydurduğu şaiyələr barədə məlumat verilməlidir.
Ümumilikdə, hərbçi hansı ideal uğrunda mübarizəyə qoşulduğunu bilməyəndə, nəyin uğrunda döyüşdüyünü anlamayanda o, bütün hallarda döyüşdə və ya təlimdə nə qədər fiziki və psixoloji hazırlıqlı olsa da məğlub çıxır. Ona görə də zabit qarşısına qoyulan tələblər istər təlimdə, istərsə də döyüşdə milli ideologiyaya, Azərbaycançılıq məfkurəsinə söykənməli və zabiti də, əsgəri də buna hazırlamalıdır. Zabit və əsgərə verilən tələblər hər şeydən əvvəl Vətənə, xalqa xidmətə, dövlətçiliyə sədaqətə, dövlət atributlarına, dövlət rəmzlərinə hörmətə, bir sözlə bu ideallara xidmətə yönəlməlidir.
ƏDƏBİYYAT
1. Əliyev N.A., Gözəlov S.S. Hərbi qulluqçu şəxsiyyətinin psixologiyası və hərbi intizamın möhkəmləndirilməsi məsələsi» Bakı: BABKM, 2000, 47 s.
2. Əliyev N.A., Gözəlov S.S. Hərbi qulluqçuların döyüş fəaliyyətinin və xidmətinin psixoloji təhlili. Bakı: BABKM, 2000, 59 s.
3. Əliyev N.A. Zabit əqidəsi. Bakı: BABKM, 1997, 29 s.
4. Əliyev N.A., Gözəlov S.S. Şəxsi heyətin və hərbi kollektivlərin psixologiyasına döyüş şəraitinin təsiri // Hərbi bilik jurnalı. Bakı: 2000, №6, s. 58-63.
5. «Qabusnamə». B.: Azərbaycan SSR EA nəşriyyatı, 1963, 255 s.
6. Şəfiyeva E.İ.Zabit hazırlığının sosial-psixoloji məsələləri. Bakı: Elm, 2006, 232 s.
7. Барабанщиков А.В., Давыдов В.П., Феденко Н.Ф. Основы военной психологии и педагогики. М.: 1988, 239 с.
8. Дон Фуллер Управляй или подчиняйся! Проверенная техника эффективного менеджмента. М.: 1992, 287 с.
9. Дьяченко М.И., Осипенков Е.Ф., Мерзляк Л.Е. Психолого-педагогические основы деятельности командира. М.: Воениздат, 1978, 295 с.
10. Коробейников М.П. Современный бой и проблемы психологии. М.: Воениздат, 1972, 235 с.
11. Марищук В.Л., Марищук Л.В. Психологические и познавательные процессы в военной деятельности и в спорте. Санкт-Петербург: Питер, 1998, 216 с.
12. Психологический словарь. М.: Наука, 1983, 431 с.
13. Подоляк Я.В. Личность и коллектив: психология военного управления. М.: Воениздат, 1989, 147 с.
[b]
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 3764 Əlavə edilib: 11 апреля 2011  

Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©